Manşet
Bu oyunların uğurlu keçməsini, doğma Azərbaycanımızın dünyada yaxşı tərəfdən tanınmasına xidmət etməsini bütün varlığımla arzulayıram. Ona görə Olimpiyada günləri səhifələrimdə neqativ heç bir yazı paylaşmayacam. Yazacağım yazılar insanların əhval rühiyyəsinin xoş olmasına xidmət edəcək. Çünki, bu oyunlar hakimiyyətin yox, Dövlətimizin adınadır. Dövlətimizin bu oyunlardan üzü ağ çıxması da hamımızın borcudur. Hərçənd ki, bu oyunlarla bağlı olan problemləri çox yaxşı bilirəm. Hakimiyyəti tərifləmək, onun hamımız üçün yaratdığı problemləri malalamaq, tənqid etməmək fikrinə düşməmişəm və düşməyəcəm. Sadəcə, hakimiyyət təmsilçilərindən fərqli olaraq mübarizəmi mərd-mərdanə aparıram. Bu hakimiyyət təmsilçilərinin mənə qarşı atdığı namərd addımlarına (zorla polisə aparılmağım, "bandotdel"də vurulmağım, təhqir, ölümlə təhdid olunmağım, heç bir əsas olmadan şər-böhtanla vəkillikdən xaric edilməyim, peşəmlə məşğul olmağımın qadağan olunmasına və s.) onların tərzində cavab vermək istəmirəm. Olimpiyadadan dərhal sonra gördüyüm qanunsuzluqlara etirazımı bildirməkdə davam edəcəm.
Bu gün isə hamınızdan xahiş edirəm, Olimpiyadanın uğurla keçməsində əlimizdən gələni edək. Azərbaycanda olan qonaqlara mədəniyyətimizi, qonaqpərvərliyimizi, alicənablığımızı göstərək. Öz davranışlarımızda maksimum diqqətli olaq. Dərk edək ki, gələn qonaqlar Azərbaycanda təbiətin, arxitekturanın gözəlliklərindən başqa insanların gözəlliyinə də xüsusi diqqət yetirəcəklər. Hamımız bu oyunların keçirilməsinə özümüzün ən vacib işimiz kimi baxaq. Bununla da bir daha Bizə yuxarıdan aşağı baxan, haqqımızı pozan hakimiyyət hərislərinə öz vətənpərvərliyimizi göstərək. Onlara göstərək ki, Biz onlardan fərqli olaraq Dövlətimizin maraqlarını öz cibimizdən, şəxsi maraqlarımızıdan üstün tutmağı bacarırıq.
Ən əsası Azərbaycana ayaq basmış hər bir avropalı görməlidir ki, biz, bu gün Avropanı söyənlərdən fərqli olaraq, Avropa dəyərlərini anlayan, bu dəyərlərlə yaşamaq istəyən və bunu bacaran Millətik.
2015 Avropa Olimpiya Oyunları Dövlətimiz, Millətimiz üçün uğurlu olsun!#Baku2015



Hiç yorum yok: