Manşet
"Ölkənin gələcəyi məhbus
edilib və BP belə bir
rejimlə əl-ələ verərək
işləyir"
Bakıda Avropa
Oyunlarının açıldığı gün,
iyunun 12-də Londonda
çapdan çıxacaq kitab BP
şirkətinin Azərbaycanın
hökuməti ilə
münasibətlərinə həsr
edilib.
Britaniyanın Platform
London təşkilatının
buraxacağı yeni kitab
“Parıldayan bütün şeylər –
Azərbaycanda İdman, BP
və Repressiya” adlanır. Bu
kitabda deyilir ki, “həm
Əliyev dinastiyasının, həm
də Bakı Oyunlarının
yaradılmasında BP
mərkəzi rol oynayıb”.
BP-ə qarşı belə iradlar ilk
dəfə səslənmir və şirkət
belə iddiaları rədd edir. “O
yerdə ki, insan haqlarının
pis vəziyyəti bizim biznes
fəaliyyətimizlə birbaşa
bağlı deyil, biz
düşünmürük ki,
dövlətlərin insan haqlarını
qoruması, onlara hörmət
və icra etməsinə təsir
göstərmək bizim rolumuza
daxildir. Biz diqqətimizi öz
fəaliyyətimizlə bağlı
potensial insan haqları
təsirlərinin və risklərinin
aşkarlanması və onların
həll edilməsi üzərində
cəmləşdiririk” – BP-BBC
Azərbaycancaya verdiyi
açıqlamada deyilir.
Azərbaycan hökuməti
Bakıda iyunun 12-də
başlanacaq ilk Avropa
Olimpiya Oyunları qabağı
hər hansı tənqidi özünə
qarşı kampaniyanın bir
hissəsi hesab etdiyini
deyir.
Kitab
BP şirkəti BBC
Azərbaycancaya, çap
edilməmiş kitabı şərh
etməkdə çətinlik çəkdiyini
bildirsə də, BP-nin insan
haqlarının vəziyyətinə göz
yummasına dair tənqidlərə
cavab verib.
"Biz BMT-nin Biznes və
İnsan Haqları üzrə Rəhbər
Prinsiplərini dəstəkləyirik
və inanırıq ki, bu
prinsiplər insan haqlarının
qorunması və onlara
hörmət edilməsi üçün
faydalı, konsensusa
əsaslanan çərçivə verir.
Bizim fəaliyyətimiz artıq
bir çox insan haqları
problemlərinin həllinə
yönəlib və BMT Rəhbər
Prinsiplərinin müvafiq
hissələri ilə bundan sonra
da yaxınlaşmaya doğru
gedir və biz insan
haqlarını podratçılarımızla
iş, təsir qiymətləndirmələri
və icmanın
narahatlıqlarına cavab
vermək prosesimizə
inteqrasiya etmək
istiqamətində çalışırıq”,
şirkətdən BBC
Azərbaycancaya verilən
cavabda deyilir.
Kitabda deyilir ki, “idman
korrupsiyalı rejimin və
ona xidmət edən neft
şirkətinin gözdən pərdə
asması üçün vasitədir”.
Kitabda Avropanın
tarixində ilk dəfə keçirilən
Oyunlar “Neft oyunları”
adlandırılıb.
“Avropa Oyunları
ərəfəsində İlham Əliyev
hökuməti Azərbaycanın
vətəndaş cəmiyyəti
üzərinə hücumlarını
şiddətləndirərək
jurnalistləri,
hüquqşünasları, alimləri
və demokratiya fəallarını
həbs edib”, - kitabda
deyilir.
Bu da vurğulanır ki,
“Oyunların açıldığı gün
rejim özünün ən sərt
tənqidçilərindən birini
məhkəmə qarşısına
çıxarır. Rəsul Cəfərov
həbsindən əvvəl “İdman
İnsan haqları naminə”
kampaniyasına başlamaq
niyyətində idi. O, saxta
ittihamlarla artıq 6 il
yarım müddətinə
azadlıqdan məhrum
edilib”.
Kitabda qeyd olunur ki,
hazırda Azərbaycanda
təhqiqat jurnalisti Xədicə
İsmayılova da daxil 100-
dək siyasi məhbus var. Bu
həbslər ABŞ Dövlət
Departamenti, Britaniya
Xarici İşlər Nazirliyi və
Avropa İttifaqı tərəfindən
pislənib.
“Bu gün Azərbaycanda
insan hüquqlarının,
demokratiyanın, söz,
məlumat, sərbəst
toplaşmaq azadlığının
durumu heç bir dünya
ölkəsindən geri qalmır”,
Azərbaycan prezidentinin
sözçüsü Əli Həsənov bir
müddət öncə bildirib.
“Gələcəyi məhbus ölkə”
Platform London
təşkilatından Emma
Hughes kitabın nəşri ilə
bağlı açıqlamasında deyib
ki, “Bu Neft Oyunları BP-
nin oyunlarıdır. Oyunların
uğuru BP-nin uğuru
olacaq. Onlar idmandan
dünyanın gözünü dəhşətli
reallıqlara kor etmək üçün
istifadə edirlər.
Azərbaycanda vətəndaş
cəmiyyəti tamamilə əzilib.
Jurnalistlər,
hüquqşünaslar, alimlər,
yazıçı və fəallar dəmir
barmaqlıqlar arxasına
salınıblar. Bütün bunlara
baxmayaraq Oyunlara
hazırlıq gedir. Bu ölkənin
gələcəyi məhbus edilib və
BP belə bir rejimlə əl-ələ
verərək işləyir”.
“BP Azərbaycanda ən
böyük investordur, - deyib
Emma Hughes, - 1994-cü
ildən bəri Əliyev rejimi öz
xərcləmələri və birinci
ailənin
maliyyələşdirilməsində,
eyni zamanda Bakının
ABŞ, Avropa İttifaqı və
Birləşmiş Krallığa möhkəm
müttəfiqlik telləri ilə
bağlanmasında BP-ə
arxalanıb. BP-nin gətirdiyi
neft sərvəti Əliyev rejimini
möhkəmləndirib,
azərbaycanıların
əksəriyyəti üçünsə yaşayış
səviyyəsini yüksəldə
bilməyib”.
“2010-cu ildə Deepwater
Horizon fəlakəti zamanı
zəifləmiş BP dünyanın
başqa neft mədənlərində
çətinliyə düşəndə
Əliyevlərin möhkəm
dəstəyinə söykənib” –
deyilir Platform
təşkilatının bəyanatında.
Daha sonra bəyanatda
deyilir: “Avropa Oyunları
BP və Əliyevlər üçün həyati
əhəmiyyət daşıyır. Bu
şirkət Oyunların aparıcı
sponsorudur, oyunların
planlaşdırılmasında və
icrasında çox yaxından
iştirak edib. Oyunların
davam edəcəyi 16 gündən
Bakının beynəlxalq aləmə
nümayiş etdirilməsi üçün
istifadə olunacaq. Yarışan
komandaların, qonaq
gələn azarkeşlərin görə
bilməyəcəkləri isə
Azərbaycandakı kütləvi
bərabərsizlik və artan
narazılıq olacaq”.
“Bütün parıldayan şeylər”
kitabı bu gizlinlərin
üstündəki pərdəni
qaldırmağa xidmət etdiyini
iddia edir.
Azadlıq Radiosunun
müxbiri Arzu Qeybulla
deyir ki, “BP
Azərbaycanda bu ölkənin
lap erkən iqtisadi inkişaf
dövründən olub, lakin
ölkəyə çox az töhfə verib.
Əslində bu, heç şirkətin
vecinə də olmayıb.
Hərçənd bir Britaniya
şirkəti kimi BP insan
haqları istiqamətinə
müəyyən maraq
göstərməli idi. Avropa
Oyunlarına ev
sahibliyinin, həyat
şəraitləri arasında bu
qədər dərin fərqlər olan
bir ölkəyə verilməsi və bir
şirkətin bu vəziyyətə töhfə
verməsi və ədalətsizliyin
davam etməsinə şərait
yaratması sadəcə olaraq
qeyri-məqbuldur”.
"Qarayaxma
kampaniyası"
Məhbus jurnalsit Xədicə
İsmayılova 2014-cü ildə baş
vermiş həbsindən az əvvəl
demişdi: “ BP
Azərbaycanda baş verənlər
üçün məsuliyyət daşıyır.
Qərbin bu ölkədə baş
verəcək hər hansı
dəyişikliyə tərəddüdlə
yanaşmasına əsas
səbəblərdən biri də BP-dir.
Əlyev rejimi BP-yə əl verir.
Rejim BP-yə iş şəraiti
yaradır, BP isə rejimin
problemlərini həll edir.
Siyasi təsir bu
sövdələşmənin tərkib
hissəsidir. BP-ni ata Əliyevi
Azərbaycanda hakimiyyətə
gətirməkdə
günahlandırırlar. Lakin bu
təkcə tarix deyil. Birləşmiş
Krallığın hökuməti
Azərbaycanda
demokratiyanın vəziyyəti
ilə bağlı sükutunu pozmur.
Gündəliyi BP-nin
maraqları diqtə edir”.
Bir sıra beynəlxalq qruplar
oyunlardan əvvəl həbsdə
olan fəalların azad
edilməsinə səsləyərək
Bakını insan hüquqları ilə
bağlı vəziyyətin
pisləşməsinə görə tənqid
edirlər.
Azərbaycan rəsmiləri
qərbdə səslənən
bəyanatları qarayaxma
kampaniyasının tərkib
hissəsi kimi
dəyərləndirirlər.
"...bu gün Oyunlar
ərəfəsində bizə qarşı
kampaniya aparılır. Güclü
inkişaf edən, demokratiya
qurmaq istiqamətində
ciddi addımlar atan,
regionda liderə çevrilmiş
dövlətə qarşı belə
kampaniyanın həyata
keçirilməsi heç kimə
başucalığı gətirmir",
Prezident Administrasiyası
rəsmisi Novruz
Məmmədov deyib.
Ötən ilin sentyabr ayında
Platform London
təşkilatının fəalları "Əsrin
Müqaviləsi"nin 20 illiyi
münasibətilə BP-nin
Londondakı qərargahı
önündə aksiya keçiriblər.
Aksiya iştirakçıları Əliyev
hakimiyyətindən "98 siyasi
məhbusun azad edilməsi
və başqa insan haqları
müdafiəçilərinin həbs
edilməyəcəyinə dair
zəmanət" tələb etməsini
istəyib və eyni zamanda
şirkətin gələn il Bakıda
keçiriləcək Avropa
Oyunlarına sponsorluğunu
dayandırmasını tələb edib.
Avropa Oyunları Avropa
Olimpiya Komitəsinin
təşəbbüsü ilə təşkilatın
2012-ci ildə Romada
keçirilmiş Baş
Assambleyasında elan
edilib.
Həmçinin oxuyun: Avropa
Oyunları 2015 nədir, necə
keçəcək, yarış nəyin
uğrunda olacaq?



Hiç yorum yok: