Manşet
Dünən axşam dəvət olunduğum Qafqaz Universitetinin Məzun Törəninə qatıldım. Gözəl anlar yaşadığımı düşünürəm. Pırıl-pırıl Azərbaycan gənclərinin təhsil uğurlarını anons etdikcə insanın gələcəyə ümidi artmazmı? Hələ 100 mümkün baldan 100 ballıq nəticə göstəmiş Hüseyn Abdulla adlı bir gənc məzunun yüksək səviyyəli və məntiqli çıxışını dinləməyin ayrı zövqü vardı. Bu parlaq gənci və çıxışı ayaq üstdə alqışlamağı yaxın sıradakı qonaqlara təklif etdim və hamı məmnuniyyətlə ay
ağa qalxıb alqışladı. Yüksək nəticə göstərənlərin arasında çoxluğu təşkil edənlərin Azərbaycanın gənc xanımlarının olması xüsusilə təqdirəlayiq haldır. Qadını sağlam və savadlı olan cəmiyyətlərin ailə sistemi və uşaqlarının təlim-tərbiyəsi də yetərincə yüksək olur. Çıxış üçün söz verəndə "Dəyərli müəllimlər!" xitabı ilə başladım. Bildirdim ki, müəllimə hamıdan öncə dəyər verməyi, salam verməyi əxz edən cəmiyyətlər həqiqətən özlərini doğru yolda hesab edə bilərlər. Sonra isə bildirdim ki, Qafqaz Universitetinin Məzun Törəni bəlkə də təhsil sistemimizdə nümunə götürüləsi ən vacib ənənlərdən biridir və könül istər ki, bütün təhsil ocaqlarında bu ənənə tətbiq olunsun. Bizlər tərcümeyi-halımızda, yaxud da özümüzü təqdim edəndə deyirik ki, filan universiteti bitirmişik. Bitirmək, nöqtə qoymaq, tamamlamaq deməkdir. Bitirməkdə qayıdış yoxdur. Ancaq Qafqaz Universitetinin məzun törəni "bitirmək" kateqoriyası içində anlaşıla bilməz. Bu bir halallaşma törənidir və hər bir məzun həm də universitetlə, müəllimlə halallaşır və harada olursa-olsun, universitetin, müəllimin haqqını qaytarmağı düşünür. Bizim ali təhsil sistemimizdə sanki məzun olan tələbənin ali məktəbdən, ali məktəbin də tələbədən canı qurtarır. Burada isə tələbə məzun olarkən öz şəxsiyyətinə verilən dəyəri hiss edir, universitetlə halallaşaraq vidalaşır. Bir də burada uğurla təhsilini başa vuran tələbənin bütün nəticələri açıqlanır və ən yüksək nəticə göstərənlərə mükafatlar verilir. Əksər universitetlərdə isə bu nəticələri hamının gözü qarşısında açıqlamağa niyəsə maraq göstərmirlər. Təbii ki, həmin universitetlərdə də savadlı və saxtakarlıq olmadan yüksək nəticələr göstərən məzunlar var. O zaman bunları tanıdıb mükafatlandırmanın nəyi pisdir ki... Ən azı aşağı kurslarda olan tələbələri yaxşı nəticələr göstərməyə həvəsləndirə bilər.
Ağlının gücüylə xeyirli Vətəndaş olmağı düşünən bütün məzunlarımızı təbrik edirəm!



Hiç yorum yok: